Noraşenik

Noraşenik – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 10 km şimal-şərqdə, Xalac çayının sol sahilində, dəniz səviyyəsindən 1080 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 8 nəfər, 1873-cü ildə 55 nəfər, 1886-cı ildə 60 nəfər, 1897-ci ildə 179 nəfər azərbaycanlı yaşamışdır. 1918-cı ildə azərbaycanlılar erməni silahlılarının təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olumuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim türk dilində “sıldırım qayalıq, dərin dərə, uçurum” mənasında işlənən “nori” sözünün fonetik forması olan “nora” sözü ilə türk dilində “kənd, yaşayış yeri, yaşayış məntəqəsi” mənasında işlənən “şenik” (əsli “şenlik”dir) sözünün qoşulması yolu ilə əmələ gəlmişdir. Şenik (şenlik) sözü Azərbaycan aşığı Aşıq Şenlik şəxs adında özünü qoruyub saxlamışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°16′ şm. e., 46°23′ ş. u.