Nalbənd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 26 km şimal-şərqdə, Bəykənd çayının yanında, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1930-cu illərdə Gümrü (Leninakan) rayonunun tabeliyində olmuşdur.
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 25 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində, 1905–1906-cı illərdə baş verən erməni-azərbaycanlı münaqişəsi nəticəsində onlar ermənilər tərəfindən sıxışdırılaraq deportasiya olunmuşdur. İndi yalnız ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilində peşə mənasında işlənən “nalbənd” (nalçı, heyvanların ayağına nal vuran adam) sözü əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şirakamut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°51′ şm. e., 44°09′ ş. u.