Nərədüzü – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 4 km şimal-şərqdə, Kəvər çayının yaxınlığında, dəniz səviyyəsindən 1920 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır. Kəndin qərbində 1988-ci ilə qədər toxunulmamış qalan qədim məzarlıqdakı kurqanla – oğuz qəbirləri öz heyrətamiz ölçüləri ilə diqqəti çəkir. Yerli əhali – azərbaycanlılar “Nərədüz” formasında tələffüz edirdilər. Erməni ədəbiyyatında “Nuratus” formasında əksini tapır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kəndə ermənilər 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür.
Toponim türk dillərində “sıldırım qayalıq, dərin dərə, uçurum” mənasında işlənən “nori” sözü ilə “düz” sözünün birləşməsindən əmələ gələn orotoponimdir.
Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Noradus” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°22′ şm. e., 45°10′ ş. u.