“Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşam. İri şəhərlərdə oxuyan tələbələrin təhsilini bitirib geri qayıdanda işlə təmin olunmasında ciddi problemlər var idi. Azərbaycanlı olduğumuz üçün işlə təmin olunmurduq, vəzifədə yüksələ bilmirdik. Mənə isə ali məktəbə qəbul olanda sənəd problemi yaşatmışdılar. Bu siyasət isə bizim deportasiya olunmağımızın ilk addımları idi. Vəzifədə işləyən azərbaycanlılara şər-böhtan atırdılar ki, bizləri vəzifədən uzaqlaşdırsınlar. Bizim rayonun birinci katibi olan İldırım Bağırovun evinə hücum etmişdilər. İldırım Bağırov azərbaycanlı olduğu üçün ona qəsdlər təşkil olundu. Əhali isə səs-küy salaraq İldırım Bağırovu qorudu və vertolyotla Qazax rayonuna göndərdi. Gümrü şəhərindən gələn ermənilər bizə hücum edirdilər. Deportasiya başlayanda gediş-gəliş yolları da məhdudlaşdırılmışdı. Qış fəslində dağ yolları ilə gəlib canımızı qurtarmışıq. Zəlzələnin baş verməsi bizim rayonun əhalisinin qırğına qurban olmağının qarşısını aldı. Ermənilərin başı qarışmışdı və azərbaycanlılar isə canlarını birtəhər qoruyub köç etdilər. Ərazinin qarlı olması bizim köç etməyimizə kömək etdi. Həmin yerlər bizim tarixi torpaqlarımızdır və gec-tez biz o torpaqlara qayıtmalıyıq.”