Musluqlu – keçmiş Qars vilayətinin Qars qəzasıın Ağbaba nəhiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunun, hazırkı Şirak vilayətinin ərazisində mövcud olmuş kənd. Amasiya yaşayış məntəqəsindən 17 km şimal-qərbdə yerləşmişdir.
Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir. Kənddə 1886-cı ildə 150 nəfər, 1897-ci ildə 199 nəfər, 1908-ci ildə 223 nəfər, 1914-cü ildə 317 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci il ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmışdır. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci il Qars müqaviləsinə əsasən kənd Ağbaba nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edildikdən sonra əhalisinin bir qismi kəndə qayıtmışdır. Kənddə 1922-ci ildə 57 nəfər, 1926-cı ildə 82 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1930-cu illərdə ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim türk dilində “kran, kiçik turba kranı” mənasında işlənən “musluk” sözünə “-lu” şəkilçisinin qoşulması əsasında düzəlmişdir.