Murteyl

Murteyl – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 2 km cənub-qərbdə, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. Polad kənd sovetliyinə daxil idi. 1930-cu ilin axırlarına kimi Dilican rayonuna daxil olmuşdur.

Kənddə 1897-ci ildə 43 nəfər, 1904-cü ildə 86 nəfər, 1919-cu ildə 187 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin əvvəlində erməni silahlı dəstələri kəndə hücum edib dağıtmış və azərbaycanlıları deportasiya etmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 86 nəfər, 1926-cı ildə 103 nəfər, 1931-ci ildə 16 nəfər, 1939-cu ildə 190 nəfər, 1959-cu ildə 129 nəfər, 1970-ci ildə 175 nəfər, 1979-cu ildə 174 nəfər, 1987-ci ildə 85 nəfər azərbaycanlı yaşamışdır. Murteyl kəndində yalnız azərbaycanlıların yaşamasına baxmayaraq, 2008-ci ildə çap olunmuş “Ermənistanın yaşayış məntəqələrinin lüğəti”ndə Murteyl kəndində yaşayanların etnik tərkibi deyil, ümumi sayı göstərilmişdir. 1988-ci ilin noyabr ayının 24-28-də kəndin sakinləri tamamilə Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdurlar.

Toponim “təklə” türk tayfasına mənsub olan “murtulu” etnonimi əsasında əmələ gələn etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Çiçəkbulaq”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə adı yenidən dəyişdirilərək “Geğatap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°41′ şm. e., 45°00′ ş. u.