Murğuz

Murğuz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Sisian şəhərindən 31 km cənubda, Sofulu kəndinin yaxınlığında yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Muxris”, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə “Mahrus”, Qafqazın beşverstlik xəritəsində “Murqus”, erməni müəlliflərinin əsərlərində “Murxuz” formasında qeydə alınmışdır.

Kənddə 1886-cı ildə 138 nəfər, 1897-ci ildə 60 nəfər, 1908-ci ildə 170 nəfər, 1914-cü ildə 190 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya edilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanları öz evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 101 nəfər, 1926-cı ildə 164 nəfər, 1931-ci ildə 177 nəfər, 1987-ci ildə 826 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim türk dilində “təpə” mənasında işlənən “mar” sözünün fonetik variantı olan “mur” sözü ilə “ğuz” (“oğuz” etnonimi ərəb mənbələrində adı) etnonimi əsasında əmələ gəlmişdir.

Hazırda kənd “Cğuni” adlandırılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir .

Yerləşdiyi koordinatlar: 39°21′ şm. e., 45°59′ ş. u.