Muncuqlu – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Alagöz (Araqats) yaşayış məntəqəsindən 17 km məsafədə, Kəmərdağ silsiləsinin ətəyində yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər.
Toponim “muncuqlu” nəsil adı əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Tsilkar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°43′ şm. e., 44°12′ ş. u.