Mumuxan

Mumuxan – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar Amasiya (Ağbaba) rayonunun, hazırkı Şirak vilayətinin ərazisində mövcud olmuş kənd. Amasiya yaşayış məntəqəsindən 10 km şimal-qərbdə yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir.

Kənddə 1886-cı ildə 127 nəfər, 1897-ci ildə 156 nəfər, 1908-ci ildə 153 nəfər, 1914-cü ildə 229 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci il ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi Qars vilayətinə köç etmişdir. 1921-ci il Qars müqaviləsindən sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci il Qars müqaviləsinə əsasən kənd Ağbaba nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. Kənddə Türkiyədən gələn ermənilər yerləşdirilmişdir. 1931-ci ilin siyahıyaalmasında kənddə 173 erməninin və 2 azərbaycanlının yaşadığı göstərilir. Kənd 1930-cu illərdə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türk mənşəli Mamak – Mamqun şəxs adı əsasında formalaşmışdır. Mamak şəxs adına “Kitabi-Dədə Qorqud” dastanlarında “Dəmir donlu Mumaq” kimi rast gəlinir.