Mülk – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) yaşayış məntəqəsindən 16-18 km şimal-qərbdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1914-cü ildə 90 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 56 nəfər, 1926-cı ildə 48 nəfər, 1931-ci ildə 78 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə ilə bağlı XX əsrin 30-cu illərin axırlarında kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim ərəb dilində “mülkiyyət, mal-mülk, malikanə”, “torpaq sahəsi, malikanə, daşınmaz əmlak” mənasında işlənən “mülk” sözü əsasında əmələ gəlmişdir.