Muğamlı

Muğamlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Erməni müəlliflərinin əsərlərində kəndin adı Muğamlı kimi də göstərilir. İ.Şopenin əsərində kəndin adı Boqamli kimi verilmişdir. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 11 km şimal-qərbdə, dəniz səviyyəsindən 825 m hündürlükdə yerləşir.

Kənddə 1831-ci ildə 243 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 392 nəfər, 1908-ci ildə 513 nəfər, 1914-cü ildə 811 nəfər, 1919-cu ildə isə 350 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu illərdə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq qovulmuş və xaricdən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişlər. Azərbaycanlılar öz doğma kəndlərinə İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra dönə bilmişdilər. Burada 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 64 nəfər, 1931-ci ildə 28 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim türk mənşəli “muğanlı” etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Muğam”, 25 yanvar 1978-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Hovtaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°01′ şm. e., 44°27′ ş. u.