Mollalı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 16 km şimal-şərqdə, Gığı çayının sağ sahilində yerləşmişdir.
Burada 1914-cü ildə 156 nəfər, 1897-ci ildə 34 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 45 nəfər, 1926-cı ildə 38 nəfər, 1931-ci ildə 46 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1940-cı illərdə ləğv edilmişdir.
Toponim qaraçorlu türk tayfasının əliyanlı tirəsinə mənsub olan “mollalı” etnonimindən əmələ gəlmişdir.