Mollalı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Qaranlıq (Martuni) şəhərindən 19 kilometr şərqdə yerləşmişdi. Şimaldan Alçalı, şimal-şərqdən Qamışlı, şərqdən Çamırlı, cənub-şərqdən Gödəkbulaq və Yuxarı Zağalı, qərbdən Aşağı Gözəldərə və Gözəldərə, cənubdan isə Dərələyəz mahalının Sallı kəndləri ilə həmsərhəd idi. XIV əsrin əvvəllərindən başlayaraq bu oba oğuz türklərinin Göyçədəki yurd yerlərindən biri olmuş və kənd onu binələşdirən tayfanın ağsaqqalının şərəfinə əvvəlcə “Yekəalılar”, sonradan isə rəsmən bu kəndin bəyi olmuş Dünyamalı bəyin atası Molla Alı Sultanın şərəfinə “Mollalı” adlandırılmışdır. 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri’də kənd məhz “Yekəalıca” kimi təqdim olunub.
1873-cü ilin rəsmi statistikasında Mollalı kəndinin 232 nəfər azərbaycanlı sakini olduğu göstərilir. 1914-cü ildə Mollalıda əhalinin sayı 278 nəfərə (73 təsərrüfat) çatmışdı. 1919-cu ildə Göyçədə ermənilərin tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı zamanı Mollalı kəndi də viran qoyulmuşdu. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar doğma yurdlarına qayıtmışdılar. Həmin vaxt kənddə 50-yə yaxın erməni ailəsi yerləşdirilmişdi. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1949-cu ildə 58 azərbaycanlı əhalisi kənddən zorla Azərbaycana deportasiya edilmişdir. Kəndin erməni əhalisi Vedi rayonundakı boşaldılmış azərbaycanlı kəndlərinə köçürüldükdən sonra kənd 1950-ci ildə ləğv edilmişdir.