Molla Göyçə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində şəhər. Vilayət mərkəzi Gümrü şəhərindən 27 km cənubda, Gümrü–İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1828–1829-cu illərdə Türkiyənin Qars, Ərzurum, Ələşkirt və Muş vilayətlərindən ermənlər köçürülüb kənddə yerləşdirilmişlər.
Toponim dini məna bildirən “molla” sözü və “göyçə” türk etnoniminin birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə şəhərin adı dəyişdirilərək “Maralik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°34′ şm. e., 43°52′ ş. u.