Molla Bədəl – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 11 km cənub-şərqdə, dəniz səviyyəsindən 845 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.
Kənddə 1873-cü ildə 300 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 360 nəfər, 1904-cü ildə 335 nəfər, 1914-cü ildə 355 nəfər, 1916-cı ildə 252 nəfər, 1918-ci ilin əvvəlində isə 335 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Kənddə ermənilər və kürdlər yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim dini anlayış bildirən “molla” sözü ilə Bədəl şəxs adı əsasında yaranmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Yexeknut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°05′ şm. e., 44°09′ ş. u.