Mirzə Qədim İrəvani (1826–1875) Azərbaycan dəzgah boyakarlığının banisi hesab edilir. İrəvan Xan sarayında bərpa işlərininin bir qismini həyata keçirmişdir. İrəvan şəhərində anadan olan Mirzə Qədim 15 yaşında Tiflisdəki progimnaziyanı bitirmişdir. Fars, rus və fransız dillərini mükəmməl öyrənən Mirzə Qədim İrəvana qayıtdıqdan sonra ömrünün sonunadək poçtda teleqrafçı vəzifəsində çalışmışdır. Verilən məlumatlara görə, Mirzə Qədimin atası Məhəmməd Hüseyn məşhur şəbəkə ustası olmuşdur. Mirzə Qədimdə rəssamlığa meyl hələ Tiflisdə progimnaziyada oxuduğu vaxt yaranmışdı. Əvvəlcə şüşə və parça üzərində şəkillər çəkən Mirzə Qədim sonralar portret və ornamental kompozisiyalar ustası kimi məşhurlaşmışdır. Kollec asessoru (XIX əsrdə əsilliklə zadəgan olan şəxslərə verilən mülki rütbə – N.M.) olan Mirzə Qədim İrəvaninin Qərbi Avropa, Şərq və rus yazıçılarının əsərlərindən ibarət zəngin kitabxanası olmuşdur.
İrəvan Xan sarayının Güzgülü zalındakı portretlərin və ornamental kompozisiyaların bərpası Mirzə Qədimə həvalə edilmişdi. O, Güzgülü zaldakı divar rəsmlərinin əksəriyyətini bərpa etmişdir. Görünür, 1867–1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirmişdir. Rəssamın yağlı boya ilə çəkdiyi “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretləri hazırda Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.