Mirzə Məmmədvəli Qəmərlinski 1871-ci ildə anadan olmuşdur. Mirzə Məmmədvəli Qəmərlinski İrəvanda təhsilin inkişafında xüsusi xidmətləri olan pedaqoqlardan olmuşdur. Onun atası Əli Qəmərlinski çar ordusunun, 1915-ci ildə Türkiyəyə mühacirət edən böyük oğlu Hüsüeynəli Qəmərli isə türk odusunun generalı olmuşdur. İkinci oğlu Əli Qori müəllimlər seminariyasını, digər övladları Paşa, Adil və Mahmud isə gimnaziyanı bitirərək müəllim işləmişlər. Məmmədvəli Qəmərlinskinin özü 1898-ci ildə İrəvanda rus-tatar məktəbini bitirmiş, 1900-cü ilin martında İrəvan quberniya məclisində imtahan verərək müəllim adı qazanmışdır. O, 1901–1911-ci illərdə İrəvanda rus-tatar məktəbinin müəllimi olmuşdur. Onun yazdığı “Atalar sözü” kitabı 1889-cu ildə İrəvanda “Edilson” mətbəəsində çap olunmuşdur. 1907, 1908 və 1911-ci illərdə çap edilən “Ana dili” dəsrsliyinin müəlliflərindən biri Mirzə Məmmədvəli Qəmərlinski olmuşdur.
Mirzə Məmmədvəli 1906-cı ildə Bakıda keçirilən müəllimlərin qurultayında iştirak edərkən Nəriman Nərimanov onu İrəvan Çuxurunun görkəmli maarifpərvərlərindən biri kimi Mirzə Ələkbər Sabirlə tanış etmiş, İrəvanda mövcud olan məktəblər haqqında şairə məlumat vermişdi. Mahmud Qəmərlinin atası haqqında yazdığı “Atamın xatirələrindən” adlı yazıda həmin hadisəni atasının dilindən təsvir edərək yazır: “Rəhmətlik Sabirin sevincdən gözləri yaşardı və mənə xüsusi meyl, rəğbət bəsləyərək uzun-uzadı dərdləşdik. Mən Sabiri İrəvana qonaq dəvət etdim. Lakin ikimiz də bir dərddə, bir vəziyyətdə idik. Bizim İrəvan xərcimizi N.Nərimanov ödədi. Qurultay qurtarandan sonra biz İrəvana getdik. Rəhmətlik Sabir Həşim bəy Nərimanbəyov, Həmid bəy Şahtaxtinski, Sultanov, Qaziyevlər və başqaları ilə tanış olarkən dedi: “Mirzə, sizin bu müəllimlər, məktəblər, dərs üsulunuz, xüsusən də müsəlman qız məktəbi məni valeh etdi. Yaxın gələcəkdə bizim millətin də ön sırada olacağına əmin olmaq olar”.