Mirəli Seyidov

Mirəli Mirələkbər oğlu Seyidov 1918-ci il oktyabr ayının 18-də İrəvanda anadan olmuşdur. О, burada ibtidai təhsilini almış, 1938-ci ildə Bakıda S.Ağamalıoğlu adına hidromeliorasiya texnikumunu bitirərək İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə daxil olmuşdur. 1941-ci ildə İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə daxil olaraq 1945-ci ildə universiteti də müvəffəqiyyətlə bitirmiş, 1947-ci ilədək “Sovet Ermənistanı” qəzetində ədəbi işçi, şöbə müdiri, məsul katibin müavini vəzifələrində çalışmışdır. İlk məqalə və oçerklərini də burada nəşr etdirmişdir.

1947–1953-cü illər arasında Mirəli Seyidov Azərbaycan ЕА Nizami adına Ədəbiyyat Muzeyinin Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1953-cü ildə “Sayat Novanın həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Bir il sonra onun “Sayat Nova” kitabı çapdan çıxmışdır.

M.Seyidov Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Orta əsrlər şöbəsində, sonra isə Ədəbi əlaqələr şöbəsində fəaliyyət göstərmişdir. 1963-cü ildə tədqiqatçının “Qövsi Təbrizi” kitabı nəşr olunmuşdur. Uzun illər (1967–1980) Ədəbi əlaqələr şöbəsinə başçılıq etmişdir.

M.Seyidov yaradıcılığının böyük bir qolu ədəbi əlaqələri – Azərbaycan–erməni ədəbi əlaqələrini əhatə edir. О, 1969-cu ildə bu sahə üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. İrəvandakı erməni qaynaqlarından ilk dəfə tədqiqatçı kimi istifadə edən azərbaycanlı alim Mirəli Seyidov olmuşdur. Erməni qaynaqlarına söykənən Mirəli Seyidov göstərirdi ki, bir sıra Azərbaycan dastanları “Aşıq Qərib”, “Şahsənəm”, “Şah İsmayıl və Gülzar”, “Əsli və Kərəm” və s. hələ X–XIV əsrlərdə ermənilər arasında geniş yayılaraq istifadə olunmuşdur.

Mirəli Seyidov 1976-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, 1979-cu ildə professor elmi adına, 1982-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Mirəli Seyidov 1992-ci il aprelin 26-da vəfat etmişdir. Bakı küçələrindən birinə onun adı verilmiş, yaşadığı evin divarına xatirə lövhəsi vurulmuşdur.

Mənbə:
Əsgər Zeynalov, İrəvan ziyalıları (Bakı: Oğuz eli, 1999)