Mehribanlı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 42 km şimal-qərbdə, Alagöz dağının cənub-qərbində, dəniz səviyyəsindən 1720 m hündürlükdə yerləşir. Kəndin adı Mehriban kimi rəsmiləşdirilmişdir.
Kənddə 1831-ci ildə 75 nəfər, 1873-cü ildə 410 nəfər, 1886-cı ildə 598 nəfər, 1897-ci ildə 681 nəfər, 1908-ci ildə 493 nəfər, 1914-cü ildə 523 nəfər, 1916-cı ildə 748 nəfər, 1918-ci ilin əvvəllində isə 533 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri – azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş, Türkiyənin Sasun, Xnıs və Muş vilayətlərindən köçürülüb gətirilən ermənilər kəndə yerləşdirilmişlər. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim mehribanlı nəsil adı əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 aprel 1950-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Katnaxpyur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°22′ şm. e., 43°56′ ş. u.