Mehrablı

Mehrablı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 16 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Kənddə 1897-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır. Əsrin əvvəllərində azərbaycanlılar erməni silahlıları tərəfindən qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim türk mənşəli qaradolaq tayfasından olan mehrablı nəsil adından əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vardaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°02′ şm. e., 44°33′ ş. u.