Maratuz

Maratuz – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Culçayın sağ qolu olan Kilsəbulaq çayının yaxınlığında yerləşirdi. Kəndin başqa adı “Məratuk” olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Məradik” kimi, Qafqazın beşverstlik xəritəsində “Maratuz” formasında qeydə alınmışdır. Kəndin adı “Maraduz qışlağı” formasında da mənbələrdə göstərilmişdir.

Kənddə 1831-ci ildə 32 nəfər, 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 220 nəfər, 1897-ci ildə 242 nəfər, 1904-cü ildə 284 nəfər, 1914-cü ildə 273 nəfər, 1916-cı ildə 321 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türk dilində “təpə” mənasında işlənən “mara” sözü ilə türk dilində “şoran”, “şoranlıq” mənasında işlənən “tuz//duz” sözünün birləşməsindən əmələ gəlmişdir.