Maqsud Məmməd oğlu Məmmədov 1897-ci ilin dekabrında İrəvan şəhərində anadan olmuş və İrəvan kişi gimnaziyasını bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda, Yakov Sverdlov adına Kommunist Universitetində təhsil almışdır.
Əmək fəaliyyətinə 1915-ci ildə İrəvan şəhərində müəllim kimi başlamışdır. 1920–1923-cü illərdə Bakı Şəhər Xalq Ərzaq Komissarlığı İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1925–1927-ci illərdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Xalq Maliyyə Komissarlığında işləmiş, 1929–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olmuşdur. 1931-ci ildə Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində çalışmışdır. Maqsud Məmmədov Azərbaycan xalqının təhsil və mədəni səviyyəsinin yüksəlməsi üçün böyük enerji sərf etmişdir. Elə həmin ildə Azərbaycan K(b)P MK-nın katibi təyin edilən Maqsud Məmmədov 1933-cü ilə kimi bu vəzifədə çalışmışdır.
Maqsud Məmmədov 1933–1934-cü illərdə Azərbaycan Partiya Tarixi İnstitutunun direktoru olmuşdur. Partiya işində zəngin təcrübəsini nəzərə alaraq onu yenidən Mərkəzi Komitədə işləməyə dəvət etmişlər. 1936–1937-ci illərdə Azərbaycan K(b)P MK-nın şöbə müdiri işləmişdir. 1937-ci il iyulun 29-dan sentyabrın 19-a qədər “Azərnəşr”in direktorunun səlahiyyətlərini icra etmişdir.
Maqsud Məmmədov Azərbaycan K(b)P MK-nın büro üzvü seçilmiş, 1933-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında ilk dəfə Azərbaycan dilində nəşr olunan V.İ.Leninin “Seçilmiş əsərləri”nin redaktor və tərcüməçilər qrupunun tərkibində təmsil olunmuşdur.
1920-ci ilin sentyabrından Kommunist Partiyasının üzvü olan Maqsud Məmmədov 1925–1927-ci illərdə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin, 1930–1934-cü illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin, 1931-ci ildən Azərbaycan K(b)P MK-nın, 1931–1933-cü illərdə Ümumittifaq K(b)P Zaqafqaziya Diyar Komitəsinin üzvü seçilmişdir.
Repressiya qurbanlarından olan Maqsud Məmmədov 1937-ci ilin sentyabrında Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunmuş və güllələnmişdir. Ona 1957-ci ildə bəraət verilmişdir.
Maqsud Məmmədov İrəvanın məşhur ziyalılarından olan Abbas Məhəmmədzadənin qardaşı oğludur.
Nazim Mustafa
Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı