Maqda

Maqda – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 27 km şimal-qərbdə, dəniz səviyyəsindən 1725 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 38 nəfər, 1873-cü ildə 195 nəfər, 1886-cı ildə 226 nəfər, 1897-ci ildə 296 nəfər, 1908-ci ildə 268 nəfər, 1914-cü ildə 284 nəfər, 1916-cı ildə 399 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyənin Muş və Sasun vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir.

Toponim “muq” etnoniminin fars dilində işlənən forması olan “maq” etnonimindən və “-da” topoformantı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1949-cu il tarixli fərmanı ilə adı dəyişdirilərək “Lernarot” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°21′ şm. e., 44°07′ ş. u.