Mangüz

Mangüz (Məngüs) – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Abovyan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Ellər (Abovyan) yaşayış məntəqəsindən 12 km cənub-şərqdə yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı “Mangus”, “Mangyok” kimi də göstərilir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur.

Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 316 nəfər, 1886-cı ildə 383 nəfər, 1897-ci ildə 450 nəfər, 1904-cü ildə 420 nəfər, 1914-cü ildə 639 nəfər, 1916-cı ildə 621 nəfər, 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 145 nəfər, 1926-cı ildə 55 nəfər, 1931-ci ildə 77 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir.

Toponim qədim türk dilində “möhkəm abidə, yazılı daş abidə, əbədi abidə” mənasında işlənən “məngü” sözünə “-z” şəkilçisinin (topoformant) qoşulması əsasında əmələ gəlmişdir.