Maldaş

Maldaş – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 43 km şimalda, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Toponim Azərbaycan dilində “iri buynuzlu ev heyvanı, mal-qara, qaramal” mənasında işlənən “mal” sözü ilə Azərbaycan dilində “dağ, qaya” mənasında işlənən “daş” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan Respublikası prezidentinin 12 iyun 1992-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Kaşuni” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°19′ şm. e., 46°15′ ş. u.