Mahmudlu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Pəyhan kəndindən 2 km cənub-şərqdə, Gığı çayının sol sahilində, dəniz səviyyəsindən 1625 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə 1831-ci ildə 42 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 134 nəfər, 1904-cü ildə 596 nnəfər, 1914-cü ildə 263 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk edən azərbaycanlıların bir qismi geri qayıda bilmişdir. Burada 1922-ci ildə 126 nəfər, 1926-cı ildə 147 nəfər, 1931-ci ildə 170 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz doğma kəndlərindən qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.
Toponim qızılbaş tayfalarının bir qolunu təşkil edən mahmudlu tayfasının adı əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Çaykənd”, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə yenidən dəyişdirilərək “Geğişen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°13′ şm. e., 46°07′ ş. u.