Mahmudcuq

Mahmudcuq – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Artik yaşayış məntəqəsindən 7 km məsafədə, dəniz səviyyəsindən 1790 m. hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Mahmudkənd” kimi qeydə alınmışdır.

Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin İrəvan xanlığının ərazisinə köçürülərək məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər. Kənddə Türkiyənin Ələşkirt, Ərzurum və Muş vilayətlərindən köçüb gələn ermənilər yerləşmişdir.

Toponim Mahmud şəxs adına kiçiltmə mənası verən “-cuq” şəkilçisinin qoşulmasından əmələ gəlib “Kiçik Mahmud kəndi” mənasını bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Pemzaşen” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°35′ şm. e., 43°56′ ş. u.