Mac – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzası yaradıldıqdan sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə 1897-ci ildə 55 nəfər, 1904-cü ildə 87 nəfər, 1914-cü ildə 458 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Bundan sonra kənddə ermənilər yerləşdirilmişlər.
Toponim türk dilində “təpə” mənasında işlənən “majalık”, “meje” sözünün kökünü əks etdirən “mac” sözü əsasında formalaşmışdır. 1930-cu illərdə kənd Yerisatumb erməni kəndi ilə birləşdirilərək ləğv edilmişdir.