Məsimli

Məsimli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 6 km şərqdə, dəniz səviyyəsindən 850 m hündürlıükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Məsumlu formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 360 nəfər, 1886-cı ildə 357 nəfər, 1897-ci ildə 507 nəfər, 1908-ci ildə 448 nəfər, 1914-cü ildə 594 nəfər, 1916-cı ildə 558 nəfər yalnız azərbaycanlılar yaşamışlar. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq kənddən deportasiya olunmuş, bura xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 269 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim məsimli nəsil adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1949-cu il tarixli fərmanı ilə adı dəyişdirilərək “Aygepat” qoyulmuşdur. 7 noyabr 1995-ci il tarixli Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqına yeni qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°57′ şm. e., 44°36′ ş. u.