Məmmədrza Qışlağı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin adı rəsmi sənədlərdə “Məmərza” formasında qeydə alınmışdır. Arpa çayının sağ sahilində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı “Məmərza kənd” kimi qeyd edilir.
Kənddə 1873-cü ildə 67 nəfər, 1886-cı ildə 52 nəfər, 1897-ci ildə 96 nəfər, 1904-cü ildə 104 nəfər, 1914-cü ildə 114 nəfər, 1916-cı ildə 106 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar doğma yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 36 nəfər, 1926-cı ildə 77 nəfər, 1931-ci ildə 104 nəfər yalnız azərbaycanlılar yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür–Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim Məmmədrza (Məmərza) şəxs adı ilə “qışlaq” sözü əsasında əmələ gəlmişdir.