Məliklər – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 115 km şimal-qərbdə, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Kəndin digər adları “Məlikli” və “Qalacıq” olmuşdur. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 112 nəfər, 1886-cı ildə 209 nəfər, 1897-ci ildə 230 nəfər, 1908-ci ildə 318 nəfər, 1914-cü ildə isə 249 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuşdur. 1923-cü ildən sonra kəndə ermənilər köçürülərək yerləşdirilmişlər. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim “məliklər” (məlikli) etnonimindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 may 1939-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Spandaryan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°37′ şm. e., 45°54′ ş. u.