Mədinə

Mədinə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 42 km cənub-şərqdə, Əyriçayın yanında, dəniz səviyyəsindən 2175 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 296 nəfər, 1897-ci ildə 346 nəfər, 1908-ci ildə 429 nəfər, 1914-cü ildə 752 nəfər, 1916-cı ildə 736 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri geri qayıda bilmişdir. Burada 1922-ci ildə 85 nəfər azərbaycanlı yaşamış, 1923–1924-cü illərdə kəndə ermənilər köçürülmüşdür. 1926-cı ildə ermənilərdən başqa 61 nəfər azərbaycanlı yaşamışdır. Kəndin yerli sakinləri olan azərbaycanlılar 1930-cu illərdə sıxışdırılaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə Türkiyə və İrandan gələn ermənilər yerləşdirilmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim ərəb dilində “şəhər” mənasında işlənən “mədinə” sözü əsasında əmələ gəlmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Madina” kimi yazılır “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°04′ şm. e., 45°15′ ş. u.