Məhərrəmov Məhəmməd (1886, İrəvan quberniyasının Qəmərli k. – 1982, Paris) Azərbaycanda milli istiqlal mübarizəsinin fəal iştirakçılarından biri olmuşdur. İrəvan gimnaziyasının bitirdikdən (1914) sonra Moskva Universitetinin tibb fakültəsində oxumuşdur.
Fevral inqilabından (1917) sonra təhsilini yarımçıq qoyub Tiflisə qayıtmış, burada “Hümmət” sosial-demokrat təşkilatına daxil olmuşdur. Məhərrəmov Müsəlman sosialist blokundan Zaqafqaziya seyminə seçilmiş, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. İstiqlal bəyannaməsinin qəbul olunmasında iştirak etmişdir. Milli Şuranın “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun “una (1918, 19 noyabr) əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilmişdir. Azərbaycan Hökumətinin Parlamentin ağsaqqallar Şurası ilə birgə iclasında (1918, 28 dekabr) Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin müşaviri (Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli ilə birlikdə) təyin olunmuşdur.
Aprel işğalından (1920) sonra Məhərrəmov Vətənə qayıda bilməyərək, Fransada qalmış, Sorbonnada iqtisadiyyat sahəsində ali təhsil almışdır. 1927-ci ildən Bankda çalışmış, sonralar 18–19-cu əsrlər fransız ədəbiyyatı bukinist mağazası açmışdı. İkinci dünya müharibəsindən sonra vətənə qayıtmaq ümidini itirən Məhərrəmov 1948-ci ildə Fransa təbəəliyini qəbul etmişdir. O, 1972 və 1975-ci illərdə Bakıda olmuş, şəhərin muzey və kitabxanalarına Azərbaycan mədəniyyətinə aid qiymətli materiallar bağışlamışdır.