Lök – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzindən 56 km şimal-şərqdə, Mehri çayının orta axınının sol sahilində, dəniz səviyyəsindən 1814 metr yüksəklikdə yerləşir. Bəzi mənbələrdə Lök kəndinin Aşağı Lök və Yuxarı Lökdən ibarət olduğu qeyd edilir.
1831-ci ildə kənddə 136, 1873-cü ildə 316, 1886-cı ildə 480, 1897-ci ildə 506, 1914-cü ildə 1053 nəfər əhali yaşamışdır. 1918-ci ildə Andranikin dəstəsi Aşağı Lök kəndində 100, Yuxarı Lök kəndində isə 60 evi dağıtmış və 200 nəfər əhalini qətlə yetirmişlər. Bundan sonra Lök kəndi bir neçə il sahibsiz qalmış, xarabalığa çevrilmişdir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra tədricən rayonunun azərbaycanlı kəndlərinin əhalisi öz doğma yurdlarına qayıtmağa başlamışdır. Lök kəndinin 1053 nəfər əhalisindən 1922-ci ildə cəmi 177 nəfəri qayıtmışdır. 1926-cı ildə onların sayı 187, 1931-ci ildə 243 nəfərə çatmışdır. 1988-ci ildə kənddə 90 ev var idi, 600 nəfər azərbaycanlı əhali yaşayırdı. 1988-ci ilin noyabrında ermənilər rayonun partiya, sovet və inzibati orqanlarının zorakılıqla həyata keçirdikləri cəza tədbirləri ilə kəndin əhalisini, uşaqlara, qadınlara, qocalara məhəl qoymadan bir həftə ərzində qaçmağa məcbur etmişlər.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 18 iyun 1960-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Vartanidzor” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Coğrafi koordinatları: 38°58′ şm. e., 46°12′ ş. u.