Lehvaz

Lehvaz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 61 km cənub-qərbdə, Mehri (Meğri, Mığrı) çayının sol sahilində, dəniz səviyyəsindən 930 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Mehri rayonunda Lehvaz adlanan iki kənd olunmuşdur: Birinci Lehvaz, İkinci Lehvaz. Sonralar bu kəndlər Levaz adı altında birləşdirilmişdir.

Kənddə 1831-ci ildə 15 nəfər, 1873-cü ildə 172 nəfər, 1886-cı ildə 375 nəfər, 1897-ci ildə 346 nəfər, 1904-cü ildə 525 nəfər, 1914-cü ildə 836 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk edən azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 145 nəfər, 1931-ci ildə 171 nəfər, 1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim Strabonun “Coğrafiya” əsərində göstərilən skif tayfalarından olan “leh” etnonimi ilə türk dilində “sıldırım qaya, şiş qaya ətəyində dar dərədə axan çay yanında dağ” mənasında işlənən “bayz//bays” (vaz) sözündən əmələ gəlmişdir. Bu söz Azərbaycan toponomiyasında “düzən yerdə tirə, təpəcik, hündür yer” mənasında işlənən “bazı” formasında da işlənir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 38°56′ şm. e., 46°12′ ş. u.