Küsüs

Küsüs – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Böyük Vedi yaşayış məntəqəsindən 22-24 km şimal-şərqdə, Əzizkəndin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Küsüsüz kimi, Qafqazın beşverstlik xəritəsində “Küsüz” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 221 nəfər, 1873-cü ildə 151 nəfər, 1886-cı ildə 203 nəfər, 1897-ci ildə 270 nəfər, 1904-cü ildə 792 nəfər, 1914-cü ildə 860 nəfər, 1916-cı ildə 268 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində kəndi tərk etmək məcburiyyətində qalmış, əhalisi bir müddət İran ərazisində sığınacaq tapmışdır. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə burada 46 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 70 nəfər, 1939-cu ildə 149 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.