Kotanlı

Kotanlı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 40 km şimal-şərqdə, Arpa çayının sağ qolu olan Kotanlıçayın sahilində, dəniz səviyyəsindən 2030 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Kotanı” kimi, Qafqazın beşverstlik xəritəsində “Kotanlı”, erməni dilində “Kyotanlu” formasında qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 256 nəfər, 1886-cü ildə 392 nəfər, 1897-ci ildə 456 nəfər, 1904-cü ildə 611 nəfər, 1914-cü ildə 672 nəfər, 1916-cı ildə 532 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuş və bura Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 61 nəfər, 1926-cı ildə 193 nəfər, 1931-ci ildə 351 nəfər, 1939-cu ildə 776 nəfər, 1959-cu ildə 590 nəfər, 1970-ci ildə 1157 nəfər azərbaycanlı yaşamışdır. Ermənistan dövləti 1988-ci il noyabrın 28-də kənddə yaşayan azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından qovmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim qıpçaq türk tayfasından olan “kotan” etnoniminə mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması ilə əmələ gəlib “kotan tayfasına mənsub yaşayış yeri” mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmədir.

Kəndin adı 1924-cü ildə dəyişdirilərək “Karmraşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°48′ şm. e., 45°31′ ş. u.