Kosaməmməd – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 3 km cənub-şərqdə, Kəvər çayının sahilində, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adı “Aşağı Qanzak” olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə kəndin adı “Kənizək” formasında qeydə alınmışdır.
1897-ci ildə burada ermənilərlə yanaşı 16 azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya edilmişdir. İndi yalnız ermənilər yaşayırlar.
Toponim ləqəb bildirən “kosa” sözü ilə Məmməd şəxs adı əsasında əmələ gəlib.
Kəndin adı 1924-cü ildə dəyişdirilərək “Batikyan” qoyulmuşdur. Ermənistan prezidentinin 8 avqust 1991-ci il tarixli fərmanı ilə kənd “Qanzak” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°19′ şm. e., 45°06′ ş. u.