Körpüqulağı

Körpüqulağı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Dəvəgözü çayının yaxınlığında, Aysor gölü kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adı “Körpükənd”dir. Kənd 1930-cu illərdə keçmiş Vedi (Ararat) rayonunun tərkibində olmuşdur.

Kənddə 1831-ci ildə 129 nəfər, 1873-cü ildə 143 nəfər, 1886-cı ildə 200 nəfər, 1897-ci ildə 351 nəfər, 1904-cü ildə 219 nəfər, 1914-cü ildə 470 nəfər, 1916-cı ildə 478 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 141 nəfər, 1931-ci ildə 174 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “körpü” və “kənar, uc” mənasında işlənən “qulaq” sözünün birləşməsindən əmələ gəlmişdir.