Korbulaq

Korbulaq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 44 km şimalda, dəniz səviyyəsindən 2075 m hündürlükdə yerləşir.

Ermənilər Ədirnə (1829) müqavilələrinə əsasən köçürülüb məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi Türkiyəyə köç etmişdir. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Korağbyur” (Korbulaq) formasında işlədilmişdir.

Toponim Azərbaycan dilində “çıxış yolu olmayan”, “gözü olmayan (bulaqda), yarıda quruyan” mənasında işlənən “kor” sözü ilə “bulaq” sözünün birləşməsindən əmələ gəlmişdir. Kəndin adı ərazidəki eyniadlı bulağın adından götürülmüşdür. Hidrotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Saxkaşen”, 21 oktyabr 1967-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Sizavet” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°06′ şm. e., 43°50′ ş. u.