Korbulaq

Korbulaq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 44 km şimal-qərbdə, dəniz səviyyəsindən 2135 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim “çıxış yolu olmayan”, “gözü olmayan (bulaqda), yarıda quruyan” mənasında işlənən “kor” sözü ilə “bulaq” sözünün birləşməsindən əmələ gəlmişdir. “Kor” sözü “Kor çay” hidronimində “heç bir hövzəyə tökülməyib yarıda quruyan çay” mənasında işlənmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şenkani” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°38′ şm. e., 44°16′ ş. u.