Kolanlı

Kolanlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Erməni mənbələrində Kəndin adı həm də “Kolani”, “Cermanis Kolanlı” kimi göstərilir.

Kənddə 1831-ci ildə 105 nəfər, 1873-cü ildə 545 nəfər, 1886-cı ildə 663 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 728 nəfər, 1914-cü ildə 800 nəfər, 1916-cı ildə 939 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə burada 207 nəfər, 1926-cı ildə 300 nəfər, 1931-ci ildə 430 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türkmənşəli kolanı tayfasının adına mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.