Kolagirən

Kolagirən – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə şəhərindən 27 km şimal-şərqdə, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. Erməni mənbələrinə görə kəndin əsası 1870-ci ildə qoyulmuşdur.

Kənddə azərbaycanlılarla bağlı qədim qalanın divarları, qəbiristanlığın xarabalıqları indi də qalır. Burada ermənilərin məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi tədricən yer-yurdlarını tərk etmişdir.

Toponim maldarlıqla məşğul olan “kolagirən” etnonimi əsasında əmələ gəlmişdir. Bu da onu göstərir ki, kənd 1870-ci ildə deyil, çox-çox əvvəllər salınmışdır. Belə ki, kolagirən tayfası XVI əsrdə Qarabağda yaşayan tayfalardandır. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1948-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Antaramut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°56′ şm. e., 44°33′ ş. u.