Kirs

Kirs – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Kurud kəndindən 2 km məsafədə, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə 1886-cı ildə 130 nəfər, 1897-ci ildə 56 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə azərbaycanlılar ermənilərin törətdikləri qırğınlara məruz qoyularaq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinləri öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 77 nəfər, 1931-ci ildə 104 nəfər, 1939-cu ildə 131 nəfər, 1959-cu ildə 220 nəfər, 1970-ci ildə 299 nəfər, 1979-cu ildə 314 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. Hazırda burada yaşayış yoxdur.

Toponim türk dilində “çöl, sərhəd, yayla, dağ” mənasında işlənən “kır” (kir) sözündən əmələ gəlmişdir. Toponimin sonundakı “s” topoformantdır. Kəndin adı ilə onun yerləşdiyi relyefə uyğundur. Belə ki, kənd dağ ətəyində, çəmənlik yerdə yerləşir.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Kisk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°17′ şm. e., 46°06′ ş. u.