Kilsəkənd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 27 km cənub-qərbdə, dəniz səviyyəsindən 1025 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir.
Toponim Azərbaycan dilində “dini məbəd” mənasında işlənən “kilsə” sözü ilə “yaşayış məntəqəsi” mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlib “kilsə yanında salınan kənd” mənasını bildirir.
1924-cü ildə kəndin adı dəyişdirilərək “Sraşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°04′ şm. e., 46°29′ ş. u.