Kiçik Zeyvə – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Eçmiədzin yaşayış məntəqəsindən 5 km cənub-şərqdə yerləşir. Kəndin digər adı “Türk Zeyvəsi”, “Tatar Zeyvəsi” olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 234 nəfər, 1873-cü ildə 492 nəfər, 1886-cı ildə 516 nəfər, 1897-ci ildə 580 nəfər, 1904-cü ildə 550 nəfər, 1914-cü ildə 598 nəfər, 1916-cı ildə 491 nəfər, 1919-cu ildə 2174 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1920-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən “kiçik” sözü ilə ərəb dilində “guşə, künc, bucaq” mənasında işlənən “zaviyə” sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib “Arataşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 44°11′ ş. u.