Kiçik Vedi – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 7 km cənub-şərqdə, dəniz səviyyəsindən 825 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 639 nəfər, 1886-cı ildə 599 nəfər, 1897-ci ildə 971 nəfər, 1904-cü ildə 960 nəfər, 1914-cü ildə 1056 nəfər, 1916-cı ildə 1034 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuş, 1918–1919-cu illərdə Türkiyənin Şatax və Bolu vilayətlərindən köçürülüb gətirilən ermənilər bu kənddə yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 286 nəfər azərbaycanlı, 193 erməni, 1926-cı ildə 256 nəfər azərbaycanlı, 256 erməni, 15 kürd, 1931-ci ildə 373 nəfər azərbaycanlı, 295 nəfər erməni yaşamışdır. Azərbaycanlılar mərhələ-mərhələ, 1948–1953-cü illərdə, 1988-ci ilin noyabr ayında tarixi-etnik vətənlərindən qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim fərqləndirici əlamət bildirən “kiçik” sözü ilə ərəb dilində “çöl, səhra”, “məkan, yer” mənasında işlənən “vadi” sözünün birləşməsindən əmələ gəlmişdir.
Kəndin adı erməni dilinə hərfi tərcümə edilərək “Pokr Vedi” formasında rəsmiləşdirilmişdir. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°53′ şm. e., 44°36′ ş. u.