Kiçik Qarakilsə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 8 km cənubda, Gümrü şəhərinin cənubunda, dəniz səviyyəsindən 1490 m hündürlükdə yerləşir. Kəndin adı “Xılqarakilsə”, “Xli-Qarakilsə”, Qafqazın beşverstlik xəritəsində “Kiçik Qarakilsə” formalarında qeydə alınmışdır.
Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1829–1830-cu illərdə Türkiyənin Qars, Ələşkirt bölgələrində ermənilər köçürülərək kənddə yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim kəndin yaxınlığındakı qara rəngli kilsə-məbədin adı əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki “kiçik” sözü fərqləndirici əlamət bildirir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Azatan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°43′ şm. e., 43°49′ ş. u.