Kiçik Keyti

Kiçik Keyti – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 14 km şimalda, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tabeliyində olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.

Toponim fərqləndirici əlamət bildirən “kiçik” sözünün türk dilində “dağın gün düşməyən tərəfi” mənasında işlənən “kət” (kat) sözünə birləşməsi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 oktyabr 1946-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lernantsk”, 21 oktyabr 1967-cı il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Pokraşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°54′ şm. e., 43°53′ ş. u.