Kiçik Kəpənək

Kiçik Kəpənək – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 13 km cənub-şərqdə, dəniz səviyyəsindən 1670 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tərkibində olmuşdur.

Ermənilər Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişdir.

Toponim qədim türk dilində “yapınçı” mənasında işlənən “kəpənək” sözündən əmələ gələn “kəpənəkçi” etnonimi əsasında əmələ gəlmişdir (etnonimin tərkibində “-çi” şəkilçisi toponim yaradıcılığında ixtisar edilib). “Kiçik” fərqləndirici əlamət bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hovit” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°46′ şm. e., 44°00′ ş. u.